2018-02-26
Sankt-Peterburqda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu və Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunmuş xatirə gecəsində Rusiyanın ictimai-siyasi xadimləri, diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan xalqının dərdinə şərik olan insanlar iştirak ediblər.

Baş konsul Sultan Qasımov tədbirdə çıxış edərək Azərbaycan xalqının tarixinə qanla yazılmış bu dəhşətli faciənin acı nəticələrindən danışıb. Baş konsul deyib: “26 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan hərbçiləri dəhşətli faciə törədiblər. Şəhərin erməni silahlı birləşmələri tərəfindən işğalı nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 sakin girov götürülüb, 197 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı olub”.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Sultan Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin səyləri sayəsində sülhsevər insanlar, sivil dövlətlər, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti insanlığa qarşı törədilən bu cinayət barədə həqiqətləri öyrənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının keçirildiyini xatırladan diplomat deyib ki, bu təşəbbüs beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır. Xocalı soyqırımını onlarla ölkənin tanıdığını diqqətə çatdıran baş konsul tarixi gerçəkliyin düzgün əks etdirilməsi və bu qorxunc cinayəti törədənlərin mühakimə olunması baxımından kampaniyanın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, şəhər qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişov, MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini, Azərbaycan Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov çıxışlarında bildiriblər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir və gələcək nəsillər bu faciəni unutmamalıdırlar.

Tədbirdə Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub, Azərbaycan Gənclər İttifaqının fəalları səhnələşdirilmiş kompozisiya ilə çıxış ediblər.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi