2018-01-19
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır

“Komsomolskaya Pravda – Sankt-Peterburq”un müxbiri Oksana Nikulina qəzetin saytında yerləşdirilmiş məqaləsində yazır: “1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə əbədi daxil olub. Həmin gün Azərbaycan xalqına qarşı çox amansız zorakılıq aktı baş verib”.

Məqalədə qeyd edilir ki, 28 il əvvəl – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsi zamanı baş verən hadisələri azərbaycanlılar “qara” və ya “qanlı” yanvar adlandırırlar.

Hər şey Bakı sakinlərinin SSRİ-nin ali rəhbərliyi və Mixail Qorbaçovun siyasətinin əleyhinə mitinqlərə çıxması ilə başladı. İnsanlar iqtisadiyyatın dağılmasından, hökumətin fəaliyyətsizliyindən təngə gəlmişdilər və erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbinə etiraz edirdilər. Xalq etirazına cavab tamamilə gözlənilməz və dəhşətli oldu. Əslində, Bakıda tammiqyaslı hərbi əməliyyat başlandı.

Fotoşəkillər o məşum gecədə baş verənləri xatırladır: Bakı küçələrində insan cəsədləri, faciə şahidlərinin əzabdan tanınmaz hala düşmüş gərgin sifətləri, həlak olmuş doğma və yaxınlarına ağlayanlar, əzilmiş avtomobillər. Bir gecədə 140-a yaxın insan öldürülmüş, 700-dən çoxu yaralanmışdı. Təkcə mitinq iştirakçıları deyil, uşaqlar, qadınlar və qocalar da xəsarət almışdılar.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyir ki, o, bütün bunların şahidi olub və gördüyü mənzərələr çox dəhşətli idi. İndi də bir çox bakılı ailəsində faciənin əks-sədası hiss olunur. Ailələr var ki, onların üzvləri itkin düşüb və hələ də tapılmayıb. Çoxlu əlil də var...

Mübaliğəsiz demək olar ki, 20 Yanvar faciəsi öz miqyasına, xarakterinə və mahiyyətinə görə görünməmiş cinayət idi. Azərbaycanın lideri Heydər Əliyev həmin günlər Moskvada yaşayırdı. Faciədən bir gün sonra o, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və kəskin bəyanatla çıxış edərək milli məsələlərin güc vasitəsilə həlli cəhdlərini pisləyib. Məhz o, xalqına sədaqət, cəsarət və mətanət nümayiş etdirərək xalqına tutulan divan haqqında bütün dünyaya məlumat verib.

Qeyd etmək lazımdır ki, həmin vaxt bu, çox mərd və cəsarətli addım idi: əslində, Heydər Əliyev təkcə siyasi karyerasını deyil, bəlkə də azadlığını və ailəsinin həyatını riskə məruz qoymuşdu.

Xoşbəxtlikdən, həmin münaqişə uzun sürmədi. Bu gün hüznlü tarixi xatırlayaraq və hərbi əməliyyatların günahsız qurbanlarının xatirəsini ehtiramla yad edərək yalnız kədərdən deyil, ümiddən də danışmaq olar.

Heydər Əliyevin bir vaxtlar söylədiyi kimi, Azərbaycan xalqı həmin faciəli gündə öz əziz insanlarını itirsə də, öz şərəf və ləyaqətini qoruya bildi. Sübut etdi ki, onun iradəsini sındırmaq mümkün deyil. Artıq Azərbaycan Respublikası suverenlik qazanıb, müstəqil dövlət olub, lakin milli münaqişələrin qurbanlarının xatirəsi yaşayır və daim yaşayacaq.

Müəllif yazır ki, “Qara Yanvar” qurbanlarının xatirəsi sayı 300 min nəfəri ötən Azərbaycan diasporunun olduğu Peterburqda da əziz tutulur. Peterburqlular azərbaycanlıları yaxşı alim, həkim, inşaatçı, həmçinin şəhər həyatının müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər kimi tanıyırlar. Əlbəttə, şəhər sakinləri ötən günlərin faciəli hadisələrinə biganə qala bilməzlər.

https://www.spb.kp.ru/daily/26783/3817291/

 

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi