2017-12-12
12 dekabr 2017-ci il tarixində Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb.

Cari ilin 12 dekabr tarixində Sankt-Peterburqda yaşayan azərbaycanlılar Baş konsulluğun təşkilatçılığı ilə Qoroxovaya küçəsinə, dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin vurulduğu 6 nömrəli evin qarşısına toplaşmışdılar. Qeyd etmək istərdik ki, 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ali məktəbi məhz bu binada yerləşib.

Mərasimdə iştirak edən ictimai xadimlər, şəhərin Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və üzvləri, Baş konsulluğun diplomatları və AMOR gənclər təşkilatının Sankt-Peterburqdakı bölməsinin fəalları Ulu Öndərin barelyefi önünə tər çiçəklər qoyublar. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anıblar.                                                                                                      

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir Azərbaycan dövlətçiliyinin quruculuğunda Ümummilli Liderin rolundan danışıb. Diplomat dahi siyasətçi Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi fəaliyyəti, ölkəmizin və xalqımızın müstəqilliyi uğrunda verdiyi taleyüklü qərarları barədə tədbir iştirakçılarını məlumatlandırıb. Baş konsul Sultan Qasımov məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu və xalqın tərəqqisi naminə geniş miqyaslı layihələrin həyata keçirildiyini qeyd edib. Diplomat bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının ən çətin dövründə Respublikanı siyasi böhrandan qurtarıb və bu gün firavanlaşan, müstəqil Azərbaycanı onun banisi olmuş insandan ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycan məhz Heydər Əliyevin sayəsində müstəqil dövlət kimi formalaşıb. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin inkişafı və xalqın rifahı naminə çox sayda mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini iştirakçıların diqqətinə yetirib. Dövlət başçısının uğurlu siyasi kursu nəticəsində aparılan islahatlar sahəsində Azərbaycanın gücləndiyini vurğulayıb. Baş konsul bildirib ki, hazırda Ulu Öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.

Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişov bildirib ki, Ulu Öndərin barelyefi qarşısında onun əziz xatirəsini anmaq hər bir həmvətənlimizin mənəvi borcu və böyük şərəfdir. O, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Lider Heydər Əliyevə məxsus olduğunu vurğulayıb. V.Məmişov Azərbaycan dövlətçiliyinin quruculuğunda və möhkəmlənməsində Heydər Əliyevin misilsiz rolundan, xaricdə yaşayan həmvətənlərə böyük qayğı göstərdiyindən danışıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xaricdə yaşayan həmvətənlərə göstərdiyi xüsusi diqqət və qayğının bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildiyini bildirib.                                                                              

Tədbirin davamında çıxış edən diaspor üzvləri və fəallar Ulu Öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın möhkəmləndiyini və öz müstəqilliyini əbədiləşdirdiyini bildiriblər. Sankt Peterburqdakı Azərbaycan diasporunun üzvləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı üçün daima çalışdığını, onun düşünülmüş siyasəti nəticəsində dövlətimizin öz müstəqilliyini qoruyaraq bölgədə güclü dövlətə çevrildiyini vurğulayıblar. Tədbir iştirakçıları bu gün müasir Azərbaycanın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə inkişaf etdiyini və ölkə başçısının siyasi kursunu dəstəklədiklərini qeyd ediblər.

Tədbirin yekununda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anan həmvətənlərimiz onun barelyefi önünə gül dəstələri qoydular, xatirə şəkilləri çəkdiriblər.  Tədbirin rəsmi hissəsindən sonra iştirakçılara Baş konsulluq və Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti adından süfrə açılıb.                           

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim “AzərTac” informasiya agentliyi tərəfindən işıqlandırılıb.

Əlavə olaraq qeyd etmək istərdik ki, Baş konsul Sultan Qasımov cari ilin 11 dekabr tarixində ölkəmizin Moskvadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib. Səfirlik tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatının təqdimatı keçirilib.

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi