2017-11-23
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib.

Noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Sankt-Peterburq Dövlət Universitetinin, Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu üzrə Ruhani İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransın əvvəlində müqəddəs Qurani-Kərimdən ayələr oxundu.

Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Helsinkidə, Tehranda, İstanbulda, Daşkənddə və Madriddə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutan konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının institut rəhbərləri, din xadimlərindən ibarət geniştərkibli nümayəndə heyəti iştirak edir.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırdı.

Şeyxülislam bildirdi ki, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin vacib tərkib hissələridir. O, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini xatırladıb.

Allahşükür Paşazadə qeyd etdi ki, bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri güclənib və bu, fəaliyyətimizin daha intensiv, daha səmərəli olmasını zəruri edir.

Sonra Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun konfrans iştirakçılarına müraciətini oxudu.

Sonra Moskva və bütün Rusiyanın patriarxı Kirillin tədbir iştirakçılarına müraciəti səsləndirildi.

Müraciətdə bildirilir ki, Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə yüksək səviyyəli qarşılıqlı etimada söykənən münasibətlərdən çox məmnundur. Bu əlaqələrin qurulmasinda, münasibətlərin qorunub saxlanılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin böyük rolu var.

Daha sonra Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun müraciəti oxundu.

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya prezidentlərinin yaxın dostluq münasibətlərinin bütün sahələrə müsbət təsirini qeyd edib. O bildirib ki, xalqlarımız arasında münasibətlərin tarixi uzun illərə gedib çıxır.

Konfrans çərçivəsində keçirilən plenar iclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışıb. Komitə sədri deyib ki, Azərbaycanda dini sabitlik hökm sürür. Burada bütün dinlərin nümayəndələri sakit, rahat həyat sürürlər.

Tədbir çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu üzrə Ruhani İdarəsi arasında gələcək əməkdaşlığa dair razılaşma imzalanıb.

 

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi