2017-11-03
Milli Məclisin deputatı Mixail Zabelin və Baş konsul Sultan Qasımov Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla görüşüblər.

Cari ilin 2 noyabr tarixində Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçirilib. Tədbirdə ölkəmizi Milli Məclisin deputatı Mixail Zabelin təmsil edib. ;

3 noyabr 2017-ci il tarixində Baş konsulluğun təşkilatçılığı ilə Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Baş konsul Sultan Qasımovu və Milli Məclisin deputatı, Rusiyanın həmvətənlər Şurasının rəyasət heyətinin üzvü, Azərbaycandakı rus icmasının sədri Mixail Zabelini Mariinskiy sarayında qəbul edib.

Görüş zamanı tərəflər milli-mədəni muxtariyyətlərin, diaspor təşkilatlarının beynəlxalq əməkdaşlığın möhkəmlənməsi istiqamətindəki fəaliyyətlərini müzakirə ediblər. Həmçinin Azərbaycan və Sankt-Peterburq arasında parlamentlərarası əməkdaşlığın inkişafı müzakirə edilib. Vyaçeslav Makarov rəhbərlik etdiyi Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyətinin cari ilin sentyabr ayında Bakıya baş tutmuş səfərinin ikitərəfli münasibətlərə müsbət təsir göstərdiyini qeyd edib. Cənab V.Makarov Sankt-Peterburqla Azərbaycan arasında əlaqələrin və dostluq münasibətlərinin inkişafı üçün gələcəkdə də hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində səmərəli işin davam etdiriləcəyini bildirib. O qeyd edib ki,  RF Sankt-Peterburq hökuməti Azərbaycan Respublikası ilə elm, təhsil, şəhərsalma, mədəniyyət və turizm sahələrində effektiv əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. ;

Milli Məclisin deputatı Mixail Zabelin bildirdib ki,  xalqlarımız arasında dostluq münasibətləri durmadan möhkəmlənir. Millət vəkili M.Zabelin Rusiyada çoxsayda azərbaycanlı həmvətənlərin yaşadığını və Azərbaycanda da böyük Rus icmasının səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanda yaşayan rusların cəmiyyətin ayrılmaz hissəsi olduğunu, burada onların hüquq və mənafelərinin tam şəkildə təmin edildiyini cənab V.Makarovun diqqətinə çatdırıb. Azərbaycanda rus dilinin, o cümlədən ədəbiyyatının tədrisinə dövlət səviyyəsində diqqətin və qayğının göstərdildiyini xüsusi ilə vurğulayıb. İkitərəfli münasibətlərin inkişafı üçün diaspor təşkilatlarının həyata keçirdiyi xalq diplomatiyasının əhəmiyyəti barədə danışan millət vəkili Rusiyadakı Azərbaycan diasporunun Sankt-Peterburqun ictimai həyatındakı fəaliyyətini müsbət  qiymətləndirib. Cənab M.Zabelin bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə  çoxsayda dövlətlərarası və hökumətlərarası sənədlərin imzalandığını, ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib.

Baş Konsul Sultan Qasımov azərbaycan və rus xalqlarının dostluq münasibətlərinin tarixi köklərə dayandığını və hər iki dövlətin siyasi xəttində mehriban qonşuluq və strateji tərəfdaşlığın prioritet təşkil etdiyini bildirib. Azərbaycan və Sankt-Peterburq arasında hökumətlərarası əməkdaşlığın inkişafına diqqət yetirən Baş konsul Sultan Qasımov cari ilin aprel ayında Sankt-Peterburqda imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının yekun protokolunun artıq öz bəhrələrini verdiyini qeyd edib. Diplomat bu protokol çərçivəsində iqtisadiyyat və turizm əlaqələrinin genişlənməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. Baş konsul Sultan Qasımov cari ilin 27 oktyabr tarixində Sankt-Peterburqda Azərbaycanın "Buta Airways" avioşirkətinin təqdimat mərasiminin keçirildiyini və 30 oktyabr tarixindən etibarən ekonom büdcəli aviadaşıyıcının Sankt-Peterburq və Bakı istiqamətlərində uçuşlara başladığını bildirib. Diplomat qeyd etdi ki, bu layihə Azərbaycan və Rusiya arasında turizmin inkişafına təkan verəcək. Söhbətin davamında Baş konsul Azərbaycanda rus dilinin tədrisi barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarova ətraflı məlumat verərək bildirib ki, hazırda 379 ümumtəhsil məktəbində tədris həm rus dilində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Diplomat həmçinin Rus dilinin intensiv tədrisi layihəsinin davam etdirilməsi barədə təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmr əsasında təhsil müəssisələrində tədris prosesinin təşkili və tənzimlənməsinin davam etdiriləcəyini vurğulayıb.       

Görüşün rəsmi hissəsindən sonra Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov adından Baş konsul Sultan Qasımovun və Milli Məcisin deputatı Mixail Zabelin şərəfinə ziyafət verilib. Tədbirin yekununda tərəflər qarşılıqlı olaraq bir-birinə xatirə hədiyyələrini təqdim ediblər.

 

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi