2017-10-11
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla Maariinskiy sarayında keçirilmiş görüşə dair.

Cari ilin 06 oktyabr tarixində Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov Baş konsul Sultan Qasımovu, “Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətı” ictimai birliyinin təsisçisi, tanınmış iş adamı Vaqif Məmişevi və MDB Parlamentlərarası Assambleyasının Baş katibinin müavini, Milli Məclisin nümayəndəsi Aydın Cəfərovu Mariinskiy sarayında qəbul etdi.                                              

Görüşdə Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyətinin Baş konsulluğun təşkilati dəstəyi ilə 2017-ci ilin sentyabr ayında Azərbaycan Respublikasına baş tutmuş səfərinin nəticələri müzakirə edildi. Söhbət zamanı Azərbaycanda yaşayan rus icmasının fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayrıldı. Cənab V.Makarov bildirdi ki, Azərbaycanla Rusiyanı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlərin xalqların rifahı naminə qorunması vacibdir. Sankt-Peterburqun çoxmillətli şəhər olduğunu deyən Vyaçeslav Makarov burada sayca ən böyük diasporlardan birinin Azərbaycan diasporu olduğunu, azərbaycanlıların iqtisadiyyatla yanaşı cəmiyyətin mədəni həyatında da fəal iştirak etdiklərini vurğuladı.                                                                                  

Baş Konsul Sultan Qasımov azərbaycan və rus xalqlarının dostluq münasibətlərinin tarixi köklərə dayandığını və hər iki dövlətin siyasi xəttində mehriban qonşuluq və strateji tərəfdaşlığın prioritet təşkil etdiyini bildirdi. Diplomat Azərbaycan və Rusiya arasındakı münasibətlərin daha uğurlu davamına ölkə başçıları səviyyəsində diqqətin göstərildiyini qeyd etdi. Tərəflər dostluq münasibətlərinin gələcəkdə də çoxşaxəli əməkdaşlıq istiqamətində inkişaf edəcəyindən əmin olduqlarını vurğuladılar.                     

Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri V.Məmişev həqiqətən də bölgədə yaşayan həmvətənlərimizin mədəniyyət, iqtisadiyyat və sosial sahələrdə xeyli fəal olduqlarını bildirdi. Azərbaycanlı iş adamlarının Sankt-Peterburqda həyata keçirilən iqtisadi və sosial layihələrdə fəal iştirak etdiklərini qeyd etdi.                      

Görüşün yekununda Baş konsul Sultan Qasımov Sankt-Peterburq Qanunvericilik Məclisinə xatirə hədiyyələrini təqdim etdi.

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi