2017-07-11
Sankt-Peterburq televiziya kanalında Azərbaycan haqqında ikinci veriliş yayımlanıb

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə Rusiyanın şimal paytaxtının “Sankt-Peterburq” televiziya kanalında Azərbaycan haqqında verilişlərin yayımı davam edir.

“Azərbaycana aparan yol” layihəsinin ikinci verilişi iyulun 9-da yayımlanıb.

Sankt-Peterburq televiziya kanalında Azərbaycana həsr olunmuş ikinci verilişdə “Bakı vaxtın aynasında” ("Баку в зеркале времени") sənədli filmi nümayiş olunub. “Salnamə” studiyasında çəkilmiş film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Rusiyalı rejissor Natalya Zavoznenkonun Sergey Şaçinin ssenarisi əsasında çəkdiyi filmdə Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimləri iştirak edir, tamaşaçılar ölkəmiz, Bakı və Abşeron haqqında məlumatları onların dilindən eşidirlər.

Verilişdə Azərbaycanın qədim tarixi, adət-ənənələri, mədəniyyəti, zəngin milli mətbəxi və Azərbaycanın bu günü, Atəşgah məbədi, Qız Qalası, İçərişəhər, Qala divarları haqqında ətraflı məlumat verilib. Milli dəyərlərimizdən söhbət açılan verilişdə diqqətə çatdırılıb ki, UNESCO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeoloji, mədəni, mənəvi örnəklər dünyada Azərbaycanın eşidilən səsinə çevrilib, muğam, xalçaçılıq və aşıq sənəti, Qobustan möcüzələri insanların qəlbini ovsunlayır.

Verilişboyu Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayan neft sənayesindən də söhbət açılır, Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədə Azərbaycan neftinin həlledici rolu vurğulanıb.

Rusiyalı tamaşaçılara Azərbaycandakı tolerantlıq ənənələrindən danışılıb, ölkəmizdə müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bildirilib.

Sankt-Peterburq televiziya kanalında Azərbaycana həsr olunmuş verilişdə, həmçinin Bakıda inşa edilmiş qədim binalardan, Ağ şəhərdən, habelə xalq rəssamı Tahir Salahovun İçərişəhərdəki ev muzeyindən söhbət açılıb. Məlumat verilib ki, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış və bayrağın qaldırılma mərasimi baş tutub. Filmdə “Baku Crystal Hall”un inşasından da söhbət açılır. Qeyd olunur ki, sözü gedən məkanda 2012-ci ildə “Eurovision” musiqi yarışması keçirilib. 2015-ci ildə isə “Baku Crystal Hall” idman kompleksi kimi Birinci Avropa Oyunları zamanı müxtəlif yarışları qəbul edib. Bakı qonağını təəccübləndirən və valeh edən, 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən inşa edilən Heydər Əliyev Mərkəzi haqqında geniş məlumat da “Bakı əsrlərin aynasında” filmində yer alib. Alov qüllələrinin Bakının qədimliyinə fərqli müasirlik bəxş etməsi, Bakıya gələn turistlərin buranı Qafqazın Parisi adlandırması da xüsusi vurğulanıb.

https://www.youtube.com/watch?v=7sQ5aIEYEj0&sns=em

 

https://yandex.ru/video/search?text=%C2%AB%D0%91%D0%B0%D0%BA%D1%83%20%D0%B2%20%D0%B7%D0%B5%D1%80%D0%BA%D0%B0%D0%BB%D0%B5%20%D0%B2%D1%80%D0%B5%D0%BC%D0%B5%D0%BD%D0%B8%C2%BB&reqid=1499759548404915-809802608163391507963150-man1-4497-V

növbəti xəbər əvvəlki xəbər

 

 

 

Xarici İşlər Nazirliyi