2017-06-25
25 iyun 2017-ci il tarixində Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə “Sankt-Peterburq” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb.

Baş konsulluğun təşəbbüsü və təşkilatçılığı ilə geniş izləyici kütləsinə malik “Sankt-Peterburq” televiziya kanalında Azərbaycan haqqında verilişlərin yayımına başlanılımışdır.                                                                                                   

“Azərbaycana aparan yol” layihəsinin ilk verilişi cari ilin 25 iyun tarixində yayımlanmışdır. Rejissoru Şamil Nəcəfzadə olan “Azərbaycan mətbəxi: dad yaddaşı” – «Азербайджанская кухня: послевкусие» adlı verilişdə Azərbaycanın qədim tarixi, adət ənənələri, mədəniyyəti, zəngin milli mətbəxi və Azərbaycanın bu günü barədə ətraflı məlumat verilib.

Filmdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ən böyük administrativ vahidlərindən olan Ağdam şəhərində fəaliyyət göstərmiş və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən çörək muzeyindən bəhs edilib.   Rusiya tamaşaçılarına ətirli Azərbaycan çayından və ölkəmizin dünyada çay istehsal edən 30 ölkədən biri olduğu vurğulanıb. Azərbaycanda çay süfrəsi ənənəsi, milli mətbəx atributu sayılan armudu stəkan və müxtəlif növ şirniyyatlar barədə ətraflı məlumat verilib. Verilişdə milli mətbəxin ayrılmaz hissəsi olan plovun Azərbaycanda 200 növdə hazırlandığı bildirilib, yarpaq və digər dolma növlərinin əvəzsiz təamlarının ölkəyə səfər edən hər bir xarici qonağın mütləq olaraq dadması tövsiyə edilib. Rusiyalı tamaşaçılara Azərbaycanda təbii yolla yetişdirilən meyvə və tərəvəzlər, Azərbaycan şərabçılıq məhsullarından, milli mətbəxin zəngin balıq və ət yeməkləri çeşidlərindən danışılıb. Verilişin sonunda qeyd olunub ki, Azərbaycan mətbəxi qədim mədəniyyətimizin bir qapısıdır və bu qapı daima Azərbaycanı ziyarət etmək istəyən qonaqların üzünə açıqdır.

“Azərbaycana aparan yol” layihəsi çərçivəsində həftə aşırı yayıma çıxacaq verilişlərdə, zəngin mədəni irsimizin, qədim tariximizin, o cümlədən dövlətimizin iqtisadi, elmi-texniki, humanitar sahələrdə əldə etdiyi uğur və nailiyyətləri barədə Azərbaycanın müxtəlif bölgələri və digər aktual mövzular barədə maraqlı və dolğun süjetlərin yayımlanması nəzərdə tutulub.                                                                                                        

Baş konsulluğun təşəbbüsü ilə Sankt-Peterburq televiziya kanalında yayımlanan “Azərbaycana aparan yol” layihəsinin növbəti “Bakı zaman aynasında” – «Баку в зеркале времени» verilişi 9 iyul 2017-ci il tarixində yayıma girəcək.

Azərbaycan haqqında Sankt-Peterburq kanalında verilmiş film barədə məlumat AzTv televiziya kanalının “Xəbərlər” rubrikasında və AzərTac informasiya agentliyi tərəfindən işıqlandırılmışdır.

https://www.youtube.com/watch?v=pBWTNwzRGQQ

növbəti xəbər əvvəlki xəbər

 

 

 

Xarici İşlər Nazirliyi