2017-06-08
Sankt-Peterburqda XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib.

Cari ilin 1-3 iyun tarixlərində Rusiyada XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib. Forumun açılış mərasimində BMT-in baş katibi Antoniu Quterreş, OPEC-in baş katibi Məhəmməd Sanusi, Serbiyanın keçmiş xarici işlər naziri, hazırda baş nazir vəzifəsini icra edən İvitsa Daçiç, həmçinin Qabona Respublikasının Baş naziri Emmanuel İssoze-Nqonde, Zimbabvenin vitse-prezidenti Felekezella Mpoko, Monqolustanın baş naziri Jarqaltulqın Erdenabat və digər rəsmilər iştirak ediblər.

Forumu Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko açıb. Qonaqları salamlayan qubernator Sankt-Peterburq beynəlxalq İqtisadi Forumunun tarixi haqqında məlumat verib. O, sayca XXI olan forumda müzakirə olunacaq məsələlərdən danışıb. Qubernator Georgiy Poltavçenko ənənəvi olaraq Sankt-Peterburqda keçirilən beynəlxalq səviyyəli tədbirin xarici sərmayəçilərin Rusiya Federasiyasına marağının artmasına səbəb olduğunu bildirib.

Forumun əsas hissəsi 2 iyun tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirak ilə təşkil edilmiş Plenar iclas hesab olunur. İclas zamanı Rusiya Prezidenti V.Putin jurnalistlərin suallarını cavablandırıb. Plenar iclasda Rusiyanın dövlət başçısı ilə yanaşı Hindistanın Baş naziri Narendra Modi, Avstriyanın Federal kansleri Kristian Kerna və Moldova Respublikasının Prezidenti İqor Dodon iştirak ediblər. Forumda həmçinin BMT, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik – MAQATE, OPEC, Qırmızı xaç beynəlxalq komitəsi və Dünya Bankının yüksək səviyyəli nümayəndələri iştirak edib.            

Forumun açılış mərasimində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iştirak edib. Baş konsul Sultan Qasımov Rusiya Federasiyasının Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla görüşüb. Tərəflər forumun Rusiya iqtisadiyyatı üçün kəsb etdiyi əhəmiyyətdən və beynəlxalq tədbir çərçivəsində müzakirə ediləcək məsələlərdən danışıblar. R.Abdulatipov Rusiya ilə Azərbaycanı möhkəm dostluq münasibətlərinin birləşdirdiyini və strateji tərəfdaş olduqlarını bildirdi. Baş konsul Sultan Qasımov Azərbaycanın Rusiya ilə bir çox sahədə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlıq etdiyini, cari ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının keçirildiyini və yekun protokolun imzalandığını bildirdi. 

XXI Beynəlxalq Sankt-Peterburq İqtisadi Forumun işi “AzTV” televiziya kanalı tərəfindən işıqlandırılıb. Forumda iştirak edən Rusiya Federasiyasının hökumət nümayəndələri, Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minixanov, İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurov, Orenburq vilayətinin qubernatoru Aleksandr Berq, RF XİN-in informasiya və nəşriyyat departamentinin müdiri Mariya Zaxarova “AzTv”yə verdikləri müsahibələrdə Azərbaycanla Rusiya arasındakı sıx əlaqələr, iqtisadiyyat və digər sahələrdə həyata keçirilən əməkdaşlığın, strateji tərəfdaşlığın əhəmiyyəti barədə danışıblar. İkitərəfli münasibətlərin münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər. Ölkəmizdə səfərdə olan RF rəsmiləri Azərbaycan və paytaxt Bakı ilə bağlı xoş təəssüratları ilə bölüşüblər.

2017-ci ildə təşkil edilmiş forumda 143 ölkədən 14000 iştirakçı, 700 Rusiya şirkəti və 400 xarici şirkət təmsil olunub, ABŞ, Almaniya, Çin, İtaliya, Yaponiya və digər dövlətlərin şirkətləri iştirak edib. 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi