2017-04-13
13.04.2017-ci il tarixində Sankt-Peterburqun aparıcı ali təhsil mərkəzində Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 25 illiyi mövzusunda dəyirmi masaya keçirilib.

Cari ilin 13 aprel tarixində Rusiyanın aparıcı ali təhsil ocaqlarından olan Rusiya Federasiyası Prezidenti yanında Xalq təsərrüfatı akademiyası və dövlət qulluğu Sankt-Peterburq Universitetində Baş konsulluğun təşkilati dəstəyi ilə «Azərbaycan Respublikasının və Rusiyanın bölgələrinin mədəni-humanitar əlaqələri Sankt-Peterburq nümunəsində” (Культурно-гуманитарные связи Азербайджанской Республики и регионов России на примере Санкт-Петербурга) başlıqlı dəyirmi masa təşkil edilmişdir. Tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin 25 illiyi münasibəti ilə keçirilib. Tədbirdə Şimal-Qərb İdarəçilik Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru Aleksandr Proxorenko, Baş konsul Sultan Qasımov, Şimal-Qərb İdarəçilik Universitetinin siyasət elmləri doktoru Zeynab Baxturidze, Andrey Toropıgin, tarix elmləri doktoru, dosent Anton Vinokur, Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Niyazi Niyazov, Rusiya Federasiyasının Prezident proqramlarının icrasına dəstək ictimai qurumun sədri, “Naxçıvan” milli-mədəni ictimai birliyin rəhbəri İdris Qəhrəmanov, Sankt-Peterburq Hökumətinin beynəlxalq əlaqələr Komitəsinin nümayəndəsi Viktor Kassyura və Universitetin müəllim və tələbələri iştirak ediblər.                                                      

Tədbir iştirakçıları Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi, Rusiyanın müxtəlif subyektləri ilə əlaqələr, Azərbaycanla Sankt-Peterburq arasında mədəni-humanitar və iqtisadi sahələrdəki əməkdaşlığın gələcək perspektivləri mövzularında çıxışlar ediblər. Azərbaycanla Rusiya arasındakı əlaqələrin tarixi köklərə və iki xalqın dostluq münasibətləri barədə danışıblar.                 

Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında qurulmuş diplomatik münasibətlərin əsasları barədə danışaraq bildirib ki, bu gün Azərbaycan və Rusiya sözün əsl mənasında strateji tərəfdaşdılar. Ötən 25 il ərzində Azərbaycan və Rusiya qarşılıqlı etimad və dostluq əlaqələrini möhkəmləndirmiş, Rusiyanın bir çox subyekti, o cümlədən Sankt-Peterburqla mövcud olan əlaqələr yeni müstəviyə yüksəlmişdir. Baş konsul S.Qasımov mehriban qonşuluq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı qarşılıqlı etimad və səmərəli dialoqu ilə möhkəmləndiyini bildirib. Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğu tarixlərdə Sankt-Peterburqda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Komissiyanın birinci iclasının keçirildiyini və yekun protokolun imzalandığını iştirakçıların nəzərinə çatdırdı.

Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti barədə danışan Baş konsul Sultan Qasımov bu siyasət nəticəsində Cənubi Qafqaz bölgəsində sabitliyin ciddi təhlükə altında olduğunu qeyd etdi. O, Azərbaycan Respublikasının Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Rusiyanın da bu mövqeyi dəstəklədiyini vurğuladı. Azərbaycanla Rusiyanın bu məsələdə həmfikir olmasına baxmayaraq, Ermənistanın davamlı olaraq danışıqlar prosesinə müxtəlif təxribatlar vasitəsi ilə maneə olmağa çalışdığını qeyd etdi. Çıxışının yekununda Baş konsul Sultan Qasımov Azərbaycan və Rusiya arasındakı münasibətlərin daima dostluq müstəvisində davam edəcəyini, rusların azərbaycanlılar üçün dost xalq olduğunu bildirdi.                                           

Tədbirin yekununda iştirakçılara Baş konsulluq tərəfindən “Bakı” jurnalının son nömrələri hədiyyə edilib.   

          

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi