2017-04-06
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Sankt-Peterburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti aprelin 4-də Rusiyanın Şimal paytaxtının vitse-qubernatoru Sergey Movçanla görüşüb

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Sankt-Peterburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti aprelin 4-də Rusiyanın Şimal paytaxtının vitse-qubernatoru Sergey Movçanla görüşüb.

Sankt-Peterburq Administrasiyasının mətbuat xidməti xəbər verir ki, görüş Smolnıda baş tutub. Sankt-Peterburq tərəfindən görüşdə sahibkarlığın və istehlak bazarının inkişafı, sənaye siyasəti və innovasiyalar, xarici əlaqələr üzrə komitələrin nümayəndələri, Azərbaycan Respublikası tərəfindən müxtəlif əlaqədar nazirlik və idarələrin təmsilçiləri iştirak ediblər. Görüşdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

Sankt-Peterburqun vitse-qubernatoru görüşü açaraq vurğulayıb ki, Azərbaycan ticari-iqtisadi əməkdaşlığın və ixrac məhsulunun irəlilədilməsinin perspektivli istiqamətlərindən biridir. Sankt-Peterburq müəssisələri energetika üçün maşın və avadanlıq istehsal edən sənaye sahəsində, qida və əczaçılıq sənayesində Azərbaycan Respublikası ilə əməkdaşlığa hazırdırlar. O, diqqəti belə bir məsələyə yönəldib ki, Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqun Xüsusi İqtisadi Zonasında şəhərin aparıcı əczaçılıq müəssisələrinin nailiyyətləri ilə tanış olacaq.

Sahib Məmmədov bir gün əvvəl metroda baş vermiş terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verib. O, səmimi qəbula görə Sankt-Peterburq Hökumətinə təşəkkür edərək vurğulayıb ki, Azərbaycan Sankt-Peterburq ilə birgə layihələrin həyata keçirilməsində və həmin layihələrin irəlilədilməsində maraqlıdır.

Aprelin 5-də Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Komissiyanın birinci iclası keçiriləcək.

Hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə razılaşma Bakıda VII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində əldə edilib.

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi