2017-04-05
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Sankt-Peterburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti aprelin 5-də Rusiyanın Şimal paytaxtının qubernatoru Qriqoriy Poltavçenko ilə görüşüb

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Sankt-Peterburqda səfərdə olan Azərbaycan nümayəndə heyəti və ölkəmizin Rusiyanın Şimal paytaxtındakı Baş konsulu Sultan Qasımov xalqımızın ümummilli lideri Heydər Əliyevin bu şəhərdəki barelyefi önünə çiçəklər qoyublar.

Sonra Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüş keçirilib.

Görüşdə ikitərəfli münasibətlərin möhkəmlənməsi məsələləri müzakirə edilib.

G.Poltavçenko Sankt-Peterburq metrosunda partlayış zamanı həlak olanlar arasında azərbaycanlı qızın olması ilə əlaqədar qonaqlara dərin hüznlə başsağlığı verərək vurğulayıb: “Biz əməkdaşlıq etməli və terrorizmə qarşı mübarizədə səylərimizi birləşdirməliyik”.

Sahib Məmmədov də terror aktı nəticəsində doğmalarını itirmiş peterburqlulara, Rusiya regionlarının və xarici ölkələrin sakinlərinə başsağlığı verərək bildirib ki, terrorizmin milliyyəti yoxdur və ona qarşı yalnız ümumi səylərlə mübarizə aparılmalıdır. Nazir müavini ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdən, habelə aparılan islahatlardan, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan danışıb. O qeyd edib ki, XX əsrin sonuncu onilliyində Azərbaycanın dinamik inkişafında, onun gələcək tərəqqisinin əsaslarının formalaşmasında ulu öndər Heydər Əliyevin islahatlar strategiyası əvəzolunmaz rol oynayıb. Bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Sankt-Peterburqu və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq telləri bağlayır. G.Poltavçenkonun qeyd etdiyi kimi, “biz bu əlaqələri bundan sonra da inkişaf etdirmək və möhkəmləndirmək niyyətindəyik”. S.Məmmədov bildirib ki, bu gün Sankt-Peterburq Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Komissiyanın birinci iclası keçirilib. İclasda qarşılıqlı əlaqələrin perspektivli istiqamətləri müzakirə edilib, o cümlədən əmtəə dövriyyəsinin artırılmasının və idxal-ixrac məhsullarının çeşidinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, 2016-cı ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 milyon ABŞ dolları təşkil edib. Bundan əlavə, şəhərsalma, ətraf mühitin mühafizəsi, turizmin, təhsilin və səhiyyənin inkişafı, əmək miqrasiyasının nizamlanması məsələlərinə toxunulub.

Qubernatorun sözlərinə görə, Sankt-Peterburq Azərbaycana əczaçılıq, maşınqayırma və avtomobilqayırma məhsulları göndərməyə hazırdır. Şəhər kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır və buna hər cür yardım göstərməyə, o cümlədən həmin məhsulların ticarət şəbəkələrinə daxil olmasını təşkil etməyə və “Xasanski” bazarı ərazisində pulsuz ticarət yerləri təqdim etməyə hazırdır.

G.Poltavçenko bildirib ki, ikitərəfli əlaqələrdə turizm sahəsi getdikcə daha qabarıq təzahür edir. Hazırda Azərbaycan Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədridir. Qubernator BMT-nin Dünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasının 2019-cu ildə keçirilməsi yeri kimi Sankt-Peterburqun namizədliyini dəstəkləməsi xahişi ilə Azərbaycan tərəfinə müraciət edib.

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi