2016-11-22
Baş konsul Sultan Qasımov Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin Mərkəzi Asiya və Qafqaz kafedrasının dosenti Akif Fərzəliyev və Azərbaycan dili bölməsinin tələbələri ilə görüşüb.

Cari ilin 22 noyabr tarixində Baş konsul Sultan Qasımov Baş konsulluqda Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin Mərkəzi Asiya və Qafqaz kafedrasının dosenti Akif Fərzəliyev və kafedranın Azərbaycan dili və tarixi bölməsinin tələbələri Yana Porxomçuk, Kseniya Voronina, Eldar Həsənov və İvan İvanovla Baş konsulluqda görüşüb. Görüşdə həmçinin Baş konsulluğun diplomatları iştirak ediblər.

Akif Fərzəliyev Baş konsula Azərbaycan dili və tarixi bölməsinin əsas fəaliyyət istiqamətləri və tədris proqramından danışıb, təhsil mərkəzinin Baş konsulluqla gələcək əməkdaşlıq perspektivləri müzakirə edib. 

Baş konsul Sultan Qasımov tələbələrə diplomatik missiyanın fəaliyyəti və Azərbaycanla Rusiya arasındakı münasibətlərin yüksək səviyyəsi barədə məlumat verib. Diplomat ölkələrimizin strateji tərəfdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. Görüş zamanı tələbələri maraqlandıran məsələlər, onların kurs və diplom işlərinin mövzuları, təhsil mərkəzinin Azərbaycan dili, mədəniyyəti, ədəbiyyatı və müasir  inkişaf strategiyası mövzularında nəşrlərlə təmin edilməsi məsələsi nəzərdən keçirilib.

Rusiya gənclərində Azərbaycan dilinin öyrənilməsinə həvəsin artırılması, onları ölkəmizin tarixi abidələri, milli-mədəni koloriti və müasir nailiyyətləri ilə yaxından tanış etmək məqsədi ilə Bakı və digər bölgələrə səfərlərin təşkil edilməsi planlaşdırıldı.

Görüşün yekununda Baş konsul Sultan Qasımov tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və Azərbaycan dilinin qrammatikasına aid kitablar hədiyyə etdi.  

 

 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi