2016-11-01
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılıb. Forumda həmçinin Sankt-Peterburq hökumətinin nümayəndələri, Sahibkarlığın və istehlak bazarının inkişafı Komitəsinin sədri Elgiz Kaçayev və Xarici əlaqələr Komitəsinin MDB ölkələri və Rusiya regionları informasiya idarəsinin rəisi Svetlana Jurkina iştirak ediblər.

VII Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının Forum iştirakçılarına təbrik məktublarını oxuyublar.

Forumda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev qonaqları salamlayaraq, Forumun keçirilməsinin Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü olduğunu və artıq ənənəyə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir. Nazir əmin olduğunu bildirib ki, builki Forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Şahin Mustafayev qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu vurğulayıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulski çıxışında Forumun iki ölkənin dövlət və regional hakimiyyət orqanları arasında dialoq üçün səmərəli platforma olduğunu qeyd edib, tədbirin əməkdaşlığın gələcək inkişafında əhəmiyyətli rol oynayacağını, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığı üçün yeni perspektivlər açacağını diqqətə çatdırıb. Aleksandr Sıbulski Azərbaycan və Rusiya arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq barədə məlumat verib, Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının yaradılmasının təqdirəlayiq olduğunu bildirib.

Bundan başqa, sənaye, energetika, nəqliyyat, xidmət, humanitar və s. sahələrdə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxışlarında ölkələrimiz arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində diplomatik nümayəndəliklərin gördüyü işlər barədə məlumat veriblər.

Azərbaycan və Rusiya tərəfindən sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. İkitərəfli görüşlərdə iş adamları arasında yeni əlaqələr qurulub, bir sıra məsələlərə dair razılıqlar əldə olunub.

Forum çərçivəsində Azərbaycan və Rusiya arasında sənaye, aqrar, turizm və humanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair “dəyirmi masa”lar keçirilib.

növbəti xəbər əvvəlki xəbər

bakushop

Xarici İşlər Nazirliyi