2016-10-13
Cari ilin 12-14 oktyabr tarixlərində Sankt-Peterburqda, Expoforum sərgi mərkəzində “Peterburq Beynəlxalq Səhiyyə Forumu” keçirilib.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və Sankt-Peterburqun Səhiyyə Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Azərbaycandan səhiyyə və turizm sahələrini təmsil edən aparıcı şirkətlərin nümayəndələri “Millenium Turizm” şirkətinin müdiri Ruslan Quliyev, “Naftalan” təsisinin həkimi Şahin Babayev, “Qalaaltı” təsisinin tibb üzrə müdiri Çingiz Hacıyev, “PMD Hospitality” şirkətinin satış meneceri Mirağa Seyidov, “Gilan Hospitality” şirkətlər qrupunun satış meneceri Şərifə Həsənova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iştirak ediblər.

Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov Azərbaycanda analoqu olmayan müasir səhiyyə və turizm təsislərinin fəaliyyət göstərdiyini və Naftalan kurortunun uzun illərdir dünyada tanındığını qeyd edib. Azərbaycanda səhiyyə və turizm sahələrinin sürətlə inkişaf etdiyini bildirən Baş konsul S.Qasımov, bu istiqamətlərdə əldə olunan nailiyyətlərin ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş  siyasəti və həyata keçirdiyi islahatları nəticəsində əmələ gəldiyini vurğulayıb. Rusiyalı turistlərin Azərbaycana cəlb edilməsi zərurətinə diqqət çəkən diplomat ölkəmizi təmsil edən nümayəndələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Forumun açılışına qatılan Rusiyanın Sankt-Peterburq Hökumətinin vitse-qubernatoru Olqa Kazanskaya və Səhiyyə Komitəsinin sədri Valeriy Kolabutin Azərbaycan stendində kurort təsislərimiz tərəfindən təqdim olunan təkliflərlə yaxından tanış olublar. Rusiyanın Sankt-Peterburq administrasiyasının rəsmiləri ölkəmizdə müalicəvi turizmin xeyli inkişaf etdiyini və geniş imkanlara malik olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycanda müalicəvi turizm mövzusuna həsr edilmiş təqdimat keçirilib. Təqdimatda çıxış edən “Naftalan”, “Çinar”, “Qalaaltı”, “Qaşaltı”, və “Qafqaz” otellər zəncirinin nümayəndələri bu müəssisələrin fəaliyyəti, xidmət növləri və müalicəvi xüsusiyyətləri barədə danışıblar.

14 oktyabr tarixinə qədər davam edən sərgidə 12 ölkədən 150-dək iştirakçı qatılıb. Ölkəmizin müalicəvi turizm potensialını təqdim edən stendə maraq yüksək olub. 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi