2016-12-09
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslav Makarovla görüşüb.

Cari ilin 9 dekabr tarixində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Mariinskiy sarayında Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslav Makarovla onun dəvəti ilə görüşüb.

Cənab V.Makarov Baş konsula Sankt-Peterburqun Qanunvericilik Orqanının strukturu və daimi komissiyalarının fəaliyyəti barədə məlumat verdi. O bildirib ki, Azərbaycanla Rusiyanı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlərin xalqların rifahı naminə qorunması vacibdir. Sankt-Peterburqun çoxmillətli şəhər olduğunu deyən Vyaçeslav Makarov burada sayca ən böyük diasporlardan birinin Azərbaycan diasporu olduğunu, azərbaycanlıların iqtisadiyyatla yanaşı cəmiyyətin mədəni həyatında da fəal iştirak etdiklərini vurğuladı. Azərbaycan və Rusiya münasibətlərinin tarixinə nəzər salan cənab V.Makarov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə bağlı xoş xatirələri ilə bölüşdü. O bildirdi ki, Heydər Əliyev SSRİ rəhbərliyində işlədiyi zaman öz müdrikliyi və yüksək peşəkarlığı ilə hər kəsi valeh etmişdi. Mixail Qorbaçyovun səriştəsizliyi barədə danışan cənab V.Makarov qeyd etdi ki, SSRİ-nin çətin dövründə ölkə rəhbəri vəzifəsində məhz Heydər Əliyev kimi görkəmli dövlət xadimi olsaydı, nəhəng ittifaq süquta uğramaz və bir çox fəlakətlər baş verməzdi. 

Baş konsul Sultan Qasımov Sankt-Peterburqun Qanunvericilik orqanının sədrinə səmimi qəbula görə təşəkkürünü bildirdi. S.Qasımov Azərbaycanla Rusiya arasındakı münasibətlərin tarixi əlaqələr və mehriban qonşuluq siyasəti üzərində qurulduğunu və dostluq münasibətlərinin iki dövlət başçısı səviyyəsində davam etdirildiyini diqqətə çatdırdı. Diplomat Rusiyada işlədiyi dövr ərzində bu ölkə və xalqa qarşı hörmət bəslədiyini, Rusiya tərəfindən də Azərbaycanla bağlı isti münasibət gördüyünü bildirdi. O, işində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafına və dostluq əlaqələrinin möhkəmlənməsinə  böyük məsuliyyətlə yanaşdığını vurğuladı.

Görüş zamanı tərəflər arasında iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsi mövzusunda fikir mübadiləsi aparıldı. 

növbəti xəbər əvvəlki xəbər

Xarici İşlər Nazirliyi